“Azadlıqdan ayrılmaq çətin məsələdir”
Azərbaycanlı, rusiyalı, tovuzlu rejissor: “Azərbaycan televiziyalarında filmin nümayişi üçün pul istəyirlər”
O həyatı olduğu kimi çəkir. Olanları olduğu kimi də göstərir. Çəki-düzən vermədən, bəzək- düzək vurmadan. O - sənədli film rejissoru Radion İsmayılovdur.
Tarix: 01.12.2013 | Saat: 14:28:00 | E-mail | Çapa göndər
Səbinə Səhra

BİRİNCİ KADR
Rodion İsmayılov Tovuz şəhərinin Köhnə Qala kəndində doğulub. Uşaqlıqdan arzusu rejissor olmaqmış. Elə ona görə də 10 cu sinifi bitirən kimi Rusiyanın Sankt- Peterburq şəhərinə yollanıb. Sənədlərini Kino və Televiziya İnstitutuna verib, amma daxil ola bilməyib. Vaxt itirməmək və dili yaxşı öyrənmək üçün Tekstil texnikomuna daxil olub. Texnikumdan sonra isə istədiyi rejissorluq fakültəsində təhsil ala bilib. Elə o vaxtdan bəri Moskvada yaşayır. Filmlərə prodüserlik edir və ya özü çəkir.

YARADICILIQ
Rodion Ismayılov bir bədii filmə və 4 sənədli filmə prodüserlik edib. Prodüserlik etdiyi filmlər festivallarda iştirak edib, mükafatlar qazanıb. Odur ki, özü də film çəkmək qərarına gəlib. İki sənədli film çəkib. Rejissorluq etdiyi filmlərin hər ikisi Azərbaycanda çəkilib.
“KÖÇ” -(http://www.youtube.com/watch?v=mgJQuuMl9gk)- Rodion İsmayılovun rejissor kimi ilk işi olan bu sənədli film 2010 -cu ildə çəkilib. Film çobanların həyatından bəhs edir. Çobanlar sürü ilə birgə Tovuzun Maral çölündən Daşkəsənə yaylağa köçürlər. Film boyu çobanların 6 günlük köç dövründə yaşadıqları əks olunub.
“DOĞMA OCAQ”- rejissorun ikinci sənədli filmidir. Film atası azərbaycanlı, anası rus olan bir 10 yaşlı qızcığazın atasının vətəni Tovuz rayonunun Köhnə qala kəndinə səfəri barədə danışır.
Rodion İsmayılov: - Filmdə çəkilməyə çox ailə axtardım. Amma orda yaşayan azərbaycanlılar öz ailələrini filmə çəkməyə icazə vermədilər. Çünki mən filmdə hər şeyi olduğu kimi çəkəcəkdim. Razı olan olmadı odur ki, öz qızımı çəkəsi oldum. İndi isə “Telekanal Kultura” nın sifarişi vardı yenicə qurtarmışam. Opera müğənnisi haqqında sənədli film idi. Indi istəyirəm gedim Azərbayacana sənədli film çəkim. Beynelxalq proyekt etmək istəyirəm, Fransa, Almaniya, Hollandiyanın fondları ilə birgə əməkdaşlıq əsasında beynəlxalq layihə işləmək fikrim var. Bu vaxta qədər mən Ukrayna, Estoniya, Rusiya, Azərbaycandan büdcə almışam.

RAHAT HƏYAT
Rodion İsmayılov: Mən Rusiyada yaşayıram, amma özümü nə Rusiya, nə də Azərbaycan vətəndaşı hesab eliyirəm. Mənə Avropa daha rahatdır. Mən Avropada rahat yaşaya bilərəm. Çünki Rusiyada da problemlər var, Avropada da isə qayda qanunlar var, ora da öyrəşirsən. Əgər Azərbaycanda Avropa qaydaları olsaydı, heç Rusiyada da yaşamazdım, gedib Azərbaycanda yaşayardım. Problemlər çoxdur: ta ki, yolu keçməkdən, svetaforda maşınların dayanmağı, xırdadan tutmuş, arayış verilməsinə qədər. Xırda şeylərdən ötrü gedirsən, onun yanına, bunun yanına, ona buna pul verirsən. Başını əyirsən, amma Avropada hər şeyi internetlə həll edirsən. Daha heç kəslə ünsiyyətdə olmursan.

EKZOTİKA
Yaşamağa nizamlı həyat istəsələr də iş yaradıcılığa gələndə rejisorlar bu nizamdan, qayda və qanundan qaçmağa çalışır. Daha çox tarixi, mədəniyyəti zəngin, ekzotik ölkələrə can atırlar. Rejissor deyir ki, tamaşaçı üçün bu tip yerlər daha maraqlı və cəlbedicidir.
Rodion İsmayılov: Rejissorlar sakit, nizamlı ölkədə yaşasa da həmişə sakit olmayan ölkələrdə çəkirlər. Misal üçün Avropalılar İndoneziya, Qafqaz, Rusiyada çəkirlər. Burda filmlər maraqlı olur. Bilirlər ki, Avropada nə çəkmək olar ki?! Hər şey qaydasında və sakitdir. Gedib ekzotik ölkədə tema tapırlar. Mən də istərdim ki, Avropada yaşayım, amma Qafqazda çəkiliş edim.

EFİRDƏ AZƏRBAYCANDIR
Rodion İsmayılovun kamerası hələ ki, Azərbaycana baxır. Rejissor buranı daha yaxşı tanıdığını və bura barədə deməyə hələ çox sözü olduğunu deyir.
Rodion İsmayılov: Azərbaycan haqqında çəkmək mənə maraqlıdır. Çünki dünya üçün Azərbaycan ekzotik ölkədir.Azərbaycanı mən yaxşı tanıyıram, istəyirəm ki, adət-ənənələrini, buranın qayda qanunlarını, kim olduğumuzu dünya da tanısın. Ona görə ki, hələ çox yerdə Azərbaycan adlı ölkənin harda olduğunu çox adam bilmir. Amma belə filmlər çəkib festivallarda iştirak edəndə, televiziya həmin filmləri alanda Avropa və ya digər dünya insanı Azərbaycan adlı ölkəni tanıyır. Beləcə dünya xəritəsində Azərbaycanın da olduğunu bilir. Başqa ölkədə yaşayıb, Azərbaycanda yaratmaq isə daha yaxşıdır. Çünki o zaman mən Azərbaycanı qıraqdan görürəm. Elə bil uzaqdan baxırsan. Əyri-düzü görünür, içində yaşasam bəzi şeyləri görə bilməzdim.

İNTEQRASİYA
Rejissor deyir ki, Rusiyadakı Azərbaycanlıların inteqrasiyası çətin məsələdir. Çünki Rusiyaya gedənlərdən yalnız yüzdən biri cəmiyyətdə özünü tapa bilir. Səbəbini isə belə izah edir:
Rodion İsmayılov: - Çünki çox adam ora pul qazanmağa, ailəsini saxlamağa gedir. Dil bilmirlər, qayda qanun bilmirlər, özlərini aparmağı bilmirlər, kənddən çıxıb ki düşürlər Moskvanın içinə. Çox vaxtı da rusların içinə yox, ordakı yerlilərinin yanına düşürlər. Məsuliyyətsizlik, özbaşnalıq həyatı başlayır. Aərbaycandakı ictimai qınaq, ictimai nəzarət mexanizmi də avtomatik olaraq sıfıra enir, hesabat verəcəkləri kimsə də yox. Ona görə də inteqrasiya məsələsi çətinləşir. Ammma gedib orda oxuyub, yaşamaq istəyənlər də our. Onlar inteqrasiya olunurlar. Bu halda heç bilmirsən ki, bunlar azərbaycanlıdırlar. Bircə danışanda bilirsən. Çox adam oxuyur, həkim, müəllim, professor, rejisor olur. Bizim kimi oxumuş insanlar həm Ruisyada, həm də istənilən Avropa ölkəsində yaşaya bilər.
Rejissor özünə qarşı diskriminasiya hiss etmədyini deyir. Əksinə həmişə azərbaycanlı olmağı ilə fəxr edib.
Rodion İsmayılov: -Əksinə deyirlər ki, azərbaycanlı olmağına baxmayaraq, bizim vətəndaşsan, onlar fəxr edir ki, belə adam Rusiyada yaşayır. Mənim haqqımda ruslar yazır ki, rus rejissorudur, azərbaycanlılar isə yazır ki, Azərbaycan rejissorudur. Belə adamlar lazımdır, fəxr edirlər,diskriminasiya hiss etməmişəm. Azərbaycanlı olmağımdan utanmamışam. Həmişə deyirəm Rusiyada yaşayan Azərbaycanlı rejissoram. Mənə xoşdur ki, ruslar məni öz tərəfinə, azərbaycanlılar isə öz tərəfinə çəkir.

DOLANIŞIQ
Bir az da dolanışıqdan danışdıq. Maraqlıdır görəsən rejissorlar necə yaşayır. Daşdan pul çıxan bir dövürdə filmdən pul çıxırmı? Rejissor deyir ki, dolanışıq bir az çətindir. Çünki, yaradıcı adamlar ideya ilə işləyirlər. Əvvəlcə ideya doğur, daha doğrusu ideyalar. Sonra isə aktuallığına görə büdcə axtarılır. Fondlara, dövlət qurumlarına müraciət edilir. Sənədli filmləri televiziyalar almadığı üçün ümid filmin çəkilməsinə ayrılacaq büdcəyə qalır.
Rodion İsmayılov: -Sənədli filmləri nə Azərbaycanda, nə Rusiyada göstərmirlər. Hökumətdən yardım yoxdur, çəkirsən amma bunu sonra realizə edə bilmirsən. Gərək işin sənə həm də gəlir gətirsin, amma biz gedirik nə edirik, Avropada mükafat alırıq, az- maz qazanırıq. Belədir, nə qədər maraqlı olsa da sənədli film rejisorları üçün dolanışıq çətindir. Gəlir gətirmir. Bir ilə çəkirsən, bir də görürsən ki, 2 il heç nə olmadı. Televiziyalar öz çəkdikləri filmləri göstirir. Onlar da guya, sənədli filmdir, sadəcə bunun adı biabırçılıqdır. Dünyada necədir? Rejisor çəkir, televiziya göstərir. Hər dəfə göstərəndə rejisora qonarar verirlər ki, icazə ver filmini gösətərək. Azərbaycan kimi ölkədə isə əksinə deyirlər, pul versən, sənin filmini göstərərərik. Rusiyada isə heç belə də göstərmirlər. Elə orda da sənədli film rejisorları çətinlik çəkirlər.

AZADLIQ
Yaratmaq üçün əvvəlcə azad olmaq gərəkdir həm ürəkdə, həm də beyində. Rejissorun fikrincə azad olmayan insanlar maraqlı bir iş də edə bilməzlər. Odur ki, heç nədən, heç kimdən çəkinməməyi tövsiyə edir.
Rodion İsmayılov: - Yaradıcı insanın özü, ürəyinin azad olması gərəkdir. Onlar düşünməli deyirlər ki, mən bunu çəksəm mənə nə deyərlər, bunu çəkmək olar, bunu çəkmək olmaz. Bundan tamamilə azad olmalıdırlar. Əgər özlərini öz ürəklərində sıxılırlarsa, sual verirlər ki, əgər bunu çəksəm mənə nə deyərlər, onda bu işlə məşğul olmr yaxşıdır. Yaradıcı insan ancaq azad olmalıdır. Ö özünə heç yerdə məhdudiyyət qoymalı deyil. O zaman alına bilər. Azad olmayan insanın fikirləri də maraqsız olacaq, ya kiməsə oxşadacaq. Nəyisə çəkəndə deyəcək ki, bunu çəkməyək, bu halda kiməsə toxuna bilərik. Bu film deyil, maraqsız, həvəskar kinodur. Baxırsan Azərbaycanda çoxlu filmlər həvəskar filmlərdir. Elə bu məsələyə görə, azadIıq hissinin olmamasından qaynaq tapır. Düşüncəsi azad olmayan adam yaradıcılıqla məşğul olmasa yaxşıdır.

AİLƏ MANEƏDİR
Rejissorun dediyinə görə bu vaxta qədər ona nə sadə insanlar, nə də rəsmilər tərəfindən mane olanlar olmayıb. Amma ailəni isə özü üçün yaradıcılağa mane sayır. Hesab edir ki, ailə həyatı, məişət qayğıları yaradıcı adamı boğur, çərçivəyə salır.
Rodion İsmayılov: - Adam var ki, ailəsi onun yaradıcılığına mane olmur. Mənə gəlincə isə mənə ailə mane olur. Çünki mən istəyirəm ki, həmişə bu işlə məşğul olum. Yazıram, pozuram, məktubları cavablayıram. Düşünürəm ki, yanımda uşaq-muşaq olsa mənə mane olar. Bir yandan da düşünürsən ki, ailə də lazımdır. Amma insan tək olmağa öyrəşir. İstədiyin vaxt çantanı götürüb o ölkəyə, bu ölkəyə gedə bilərsən, heç kəsdən icazə falan almırsan. Azadlığa öyrəşirsən, sonra ondan ayrılmaq çətin olur.

ATALIQ
Özünü ailə adamı hesab etməsə də, müasir ata olması ilə qürur duyur. Yeganə övladı – qızı Lolitaya qarşı tolerantdır. Həyatdakı bütün seçimlərində ona yalnız dəstək olacağını deyir. Özü azad olduğu kimi, qızına da tam azadlıq verib.
Rodion İsmayılov: Qızımla münasibətim əladır. Mən Moskvada olanda həmişə görüşürük. Tiflisə gələndə də bir gün qabaq görüşdük. Həmişə harasa gedəndə və yenidən Moskvaya qayıdanda görüşürəm onunla. Şənbə bazar görüşürük. 14 yaşı olacaq, rusa oxşayır. Məndən ona yaradıcılıq keçib. İstəyir sənət adamı ola. Hamı deyir mənim anama oxşayır. Sarışınım Rusiyada doğulub, mənə elə gəlir ki, Rusiyada da yaşamalıdır. İmkanım olsa deyərdim ki, get xaricdə - Avropada yaşa. Mən onun fikirlərinə qarşı deyiləm, hər adam öz fikri ilə yaşamalıdır. Bizdə, Azərbaycandakı kimi yox, ata- ana deməməlidir ki, sən necə yaşamalısan. Avropada olduğu kimi, bizdə də insanlar azad doğulur. Mən deyirəm ki, nəçi olmaq istəyirsən, harda olmaq istəyirsən get oxu, ol. Mən yalnız sənə kömək edə bilərəm. Filmdə çəkilmək xoşuna gəlib, indi deyir ki, aktrisa olmaq istəyirəm. Mən də dedim ki, olmaq istəyirsən ol, məndən nə gedir?...

SİYASƏT
“Məndən ömründə siyasətçi olmaz”, deyir. Siyasətçini uşaqlıqdan bu yolda inkişaf etdirilməli olduğunu vacib hesab edir. 40-50 yaşdan sonra siyasətə gəlməyi isə düzgün hesab etmir. Rüstəm İbrahimbəyovun siyasətdə uğuruna inanmayırmış.
Rodion İsmayılov: - Rüstəm İbrahimbəyovla münasibətim yoxdur. Tədbirlərdə görüşmüşük, amma tanış deyilik. Ondan prezident olmazdı. Siyasətçini gərək yetişdirəsən, oxumalıdır. Siyasətçi siyasətçinin evində böyüməlidir. Uşaqlıqdan siyasətə hazırlaşmalıdır. İngiltərə kimi digər Avropa ölkələrində də siyasətçilərin uşaqları siyasətçi olur. Şah ailəsi öz uşaqlarını gələcək siyasətçi kimi yetişdirir. Yoxa, insanda bütün sahələrdə olduğu kimi, natamamlıq kompleksi höküm sürər.

YARADICI MÜHİT
Deyir ki, indi yaratmaq asandır. Kimsə sənə nəyi, necə çəkəcəyini göstəriş eləmir. Dünya indi telefona film çəkir, deyir.
Rodion İsmayılov: - İndiki dövrdə yaradıcı insan olmaq asandır. Hər şey sənin əlindədir. İnstitut oxumaya da bilərsən. Rəssamsansa sənə tablo və rəng lazımdır, əsas da talant. Kino rejissoruna nə lazımdı? Kamera, qrup, bir də talant. Pul az da olsa olar, elə adamlar var ki, kameranı götürüb gedir filmlər çəkir. Hətta adamlar var, filmləri telefona çəkir, bütün dünya görür. Sovet dövrünə baxanda, indi nə var ki, film çəkməyə. O vaxt kim sənə icazə verərdi ki, istədiyin şeyi çəkəsən?!

DARIXIRAM...
Rodion İsmayılov: - Azərbaycanda ən çox öz kəndim – Tovuzun Köhnə Qala kəndi üçün darıxıram. Oradakı dağlar, çaylar, hava, insanlar üçün darıxıram. Çox vaxt uşaq vaxtı oynadığım yerə gedirəm, dağa çıxıram, kəndin üstündəki dağa, ordan bir iki saat kəndə baxıram, uşaqlıqda qaçdığım, getdiyim yerlər yadıma düşür.

ARZU EDİRƏM Kİ!
Rodion İsmayılov: - Arzum odur ki, Azərbaycan mənə yaxın olduğundan orda kino inkişaf etsin, festivallar çox olsun, məndən nə lazımdırsa, iştirak, kömək edə bilərəm. Konsultasiya edə bilərəm, istərdim ki, belə mədəniyyət olsun. Baxın, Tiflisdə nə qədər festivallar var, hamı burda ingiliscə danışır. Azərbaycanda da mədəniyyət qalxsın, camaat belə savadlı olsun. Çox düşünürəm bu barədə.

...ÖLMƏYƏ VƏTƏN YAXŞI!
Rejissor işi-gücü, həyatı barədə dolu-dolu danışdı. Sonda isə həyata harda nöqtə qoymaq istədiyini, harda ölmək istədiyini soruşdum. Mətəl qaldı. Düşündü, başını qaşıdı. Bir az düşünüb cavab verdi:
Rodion İsmayılov: - Düzü heç düşünməmişəm harda ölməyimi. Harda maraqlıdır, harda istəyərdim?!. Maraqlı sualdır... Mən istəyərdim ki, harda qocalmağımdan, ölməyimdən asılı olmayaraq axıra kimi işləyəm. İstəyirəm ki, axırıncı nəfəsimə qədər bu işlə məşğul olam...
...Amma deyərdim ki, Rusiyada yaşamağıma baxmayaraq orda torpaq yaddır. Azərbaycanda isə heç olmasa bilirəm ki, qohumlar var, kəndimizin qəbirstanlığında yanaşı yatırlar, yəqin istərdim ki, mən də onların içində olam...

FİLMİN SONU
Son sözlərini deyəndə doluxsundu, dodağını dişlədi, gözlərini bir nöqtəyə zilləyib bir az fikrə getdi. Sualım onu tutmuşdu, əvvəlcə içimdə jurnalist eqosu məni qürurlandırdı, əslində bütün suallarımın cavabı vardı bu son epizodda. Sonra özüm də kövrələn kimi oldum... Ölüm həmişə qorxulu temadır axı... Sirrini sona qədər dərk edə bilmədiyimiz bir məqam... Beləcə sağollaşdıq... Nə yuxarı, nə aşağı... Durub film festivalının keçiriləcəyi binaya doğru yol aldı, indi gözlərim onun arxasınca kino- kamera kimi bir insanın mahiyyətini çəkirdi... O isə gedirdi...
Bakı-Tiflis-Bakı. Oktyabr 2013
Xəbər 3926 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

06.10.2016
Prezidentin ailəsi `Əli və Nino`nun premyerasında
29.02.2016
Di Kaprio `Oscar` aldı – Qaliblərin siyahısı
14.01.2016
Di Kaprio altıncı dəfə “Oscar”a namizəd oldu
07.01.2016
`Ulduz müharibələri` `Avatar`ın rekordunu qırdı – 760,5 milyon
16.10.2015
Bütün Azərbaycanın gözlədiyi yerli qorxu filminin 2-ci fraqmenti yayımlandı - VİDEO


Şərh əlavə olunmayıb

ƏN ÇOX OXUNAN
BİZİM SEÇİM
Qarabağı kim xilas edəcək?
ABŞ
Rusiya
Azərbaycan əsgəri
Zaman
Heç kim


  Nəticələr!    İştirak edənlər: 1927

 Kalendar
    ,    
21.09.2017
Tipi Ədə. Adı AZN
TRY 1 Türk lirəsi 0.3893
KWD 1 Küveyt dinarı 2.7695
CHF 1 İsveçrə frankı 0.8591
GEL 1 Gürcü larisi 0.4694
GBP 1 İngilis funt sterlinqi 1.2491
SEK 1 İsveç kronu 0.1199
IRR 100 İran rialı 0.0031
EUR 1 Avro 1.0574
USD 1 ABŞ dolları 0.7844
© Copyright 2014 TEZXEBER.COM
Tel.: 050 317 56 40
E-mail: office@tezxeber.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info