“Füzulini Quran yetişdirib”
I hissə

İlahiyyatçı Nəriman Qasımoğlunun müsahibəsi
Tarix: 12.07.2014 | Saat: 13:36:00 | E-mail | Çapa göndər
– Sizdən müsahibə almaq istəyəndə dini situasiyaları şərh etməyəcəyinizi dediniz. Nə ilə bağlıdır bu?

– Daha çox Quran araşdırmaları, müasir teolojinin nəzəri imkanlarının verdiyi axtarışlarla məşğulam. Dini durumda baş verənlərdən bir qədər kənarda olduğuma görə dəqiq analizlər vermək, baş verənlər üzərində təhlillər aparmaq başqa bir istiqamət tələb edir. Mən də indi həmin istiqamətdə deyiləm. Digər yandan, cari və ötəri məsələlərə şərh vermək hazırda mənə maraqsız gəlir.

– Bu araşdırmalar əsasında nəsə yaza bilmisinizmi?

– “Bibliyada və Quranda Eko-Teologiya Uyğunluqları” əsərini yazmışam. Bu əsəri ingiliscə qələmə aldım. Beynəlxalq səviyyədə fərəhli münasibətlər bildirildi. İngiltərədə Liverpul şəhərinin yepiskopu Ceyms Cons mənə məktublar yazdı, bu əsərə istinadən özünün BBC-dəki “Günün Sözü” adlı çıxışını etdi. İngiltərənin görkəmli ictimai xadimi lord Conatan Porritin rəyini aldım. Rəyini “heyrətamiz əsərdir” sözləri ilə bitirir. Bundan əlavə, son dövlər Quran mətninə yeni şərhlər verməyə, Quranın Quranla təfsirinə çalışdım. Çox maraqlı teoloji axtarışlarım ilahiyyatda deyilməyən məqamları və bəzi teoloji kəşfləri üzə çıxardı.

– Bəs elmi araşdırmalarınız cəmiyyətdə nə dərəcədə maraq oyadır?

– Təbii ki, bu araşdırmalar bir qədər məhdud çərçivənin adamlarının marağına səbəb olur. İnsanlar daha çox cari məsələlərə maraq göstərir. Məsələn, Yer kürəsinin fiziki olaraq yaranmış aləmlərin mərkəzində olduğu barədə müqəddəs kitablarla və müasir elmi tədqiqatların verdiyi impulslarla əsaslandırdığım teoloji qənaətim kütləvi şüurda necə maraqla qarşılana bilər? Əlbəttə, belə şeylər kimlərinsə marağına səbəb olur.

Başqa bir məsələni deyim. İlahi qatda zamansızlıq məsələsi hər zaman vurğulanır, amma bunun teoloji müstəvidə dəlilini ilk dəfə öz araşdırmamda irəli sürdüm. “Quran anımsallığına dair bəzi qeydlər” yazımda bu zamansızlığın Quran mətninin orijinalındakı qrammatik ifadəsinə diqqət çəkdim. Bu barədə Amerikada ötən il çalışdığım Harvard universitetində də xüsusi məruzəm oldu. Yəni dediyim odur ki, belə məsələlər daha çox elmi-akademik çevrələri maraqlandırır.



– Son vaxtlar televiziya və mətbuatda az-az görünməyinizin səbəbi nədir? Medianın səviyyəsindən narazılıq, yoxsa işlərinizin çoxluğu?

– Açığı, heç vaxt gündəmdə qalmaq, diqqət mərkəzində olmaq ehtiyacı duymamışam. Əvvəllər KİV-də tez-tez görünürdüm, çünki buna KİV-in ehtiyacı var idi. Ölkəmizdə dini baxışlarda islahatçılığın əsasını biz qoyduq. 1990-cı illərin əvvəllərindən başlayaraq dindar şüurunda dəyişiklik yaratmaq naminə yeni teoloji yanaşmalar ortaya qoyduq. Mətbuatda, televiziyalarda çoxsaylı çıxışlarımla bu islahatçılıq prosesini dərinləşdirə bildik və cəmiyyətimiz maarifçilik işinin önəmini real olaraq dərk edə bildi. Bu istiqamətdə bəhrəsini gördüyümüz işlərlə bağlı müzakirələr və mübahisələr oldu. İndi yenidən gündəmə gələrək bu prosesin təkrarlanmağının cəmiyyət üçün, elə bilirəm, əlbəttə, hansısa əhəmiyyəti ola bilər. Amma mənim üçün elm, Quran tərcüməsi daha vacibdir. Qarşımdakı dilemma bundan ibarətdir ki, vaxtımı bu cari işlərə sərf edim, yoxsa elmi tədqiqatlarıma? Hazırda ikincini seçmişəm. Və həm də özünü rahat hiss etdiyin hər hansı bir auraya düşəndən sonra ordan çıxmaq istəmirsən.

Bu yaxınlarda “7 qəzəl” başlığı ilə qəzəllərim “525-ci qəzet”də dərc edildi. Bax həmin o aura belə bir yaradıcı məhsulu da ortaya çıxarır.

– Şeiriyyat və dinin münasibətləri həmişə mübahisəli olub. Bu, barədə siz necə düşünürsünüz?

– Quranda “Şüəra” surəsi var. Orada şairlər haqqında mənfi ifadə keçir ki, onlar bir söz vadisindən digər söz vadisinə adlayırlar, eləmədiklərinə də “eləmişik” deyirlər. Amma sonra bir istisna gətirilir: bu, o şairlərə aid deyil ki, onlar zülm çəkiblər, iman gətiriblər, xeyirli işlər görüblər. Həmin istisnaya görə, Füzuli öz “Divan”ına yazdığı dibaçədə Rəbbimizə şükranlıqla həmd oxuyur. Bu istisnanın, əlbəttə, ədəbiyyatımızın çox böyük nümayəndələrinə də aidiyyəti var. Buna görə də birmənalı olaraq Quranın universal məntiqində şairlərin hamısını mənfi çalarda görə bilmərik.

– Sizin içinizdə şeir və din məsələləri bir-birini tamamlayır, yoxsa ziddiyyətlidir?

– Ümumiyyətlə, mənim din anlayışına münasibətim bir qədər fərqlidir. Quran məntiqində dini və dünyəvi deyə hansısa bir bölgü yoxdur. Avropa üslubunda qurulan ənənəvi təhsilimizin gəlişdirdiyi təfəkkürün bizə dedirtdiyi məsələdir ki, diniliyi və dünyəviliyi ayrı-ayrı istiqamətlərə aid edirik.

Əslində, Quran məntiqilə dini dediklərimiz nə qədər dünyəvidirsə, dünyəvi dediklərimiz də bir o qədər dinidir. Yəni siz məndən müsahibə alırsınız ki, oxuculara hansısa maraqlı fikirləri çatdırasınız və onları düşündürəsiniz. Bu müsahibənin məqsədi Rəbbimizə xoş gedən anlamdadırsa, bunun özü bir ibadət məzmunu daşıyır. Tanrıya qulluğun sərhədləri sonsuz olduğu qədərincə də ibadət şəkilləri sərhədsizdir. O cümlədən, istiqamətindən asılı olmayaraq yaradıcı işin özü elə ibadətdir.

Mənim ilk qələm təcrübəm şeirlə başlayıb. Sonra Yaxın Şərq problemləri ilə bağlı araşdırmalarım, ardınca da Quran tərcüməsi... Müqəddəs kitablar ilahi ismarışları çatdırmaqdan başqa, həm də insanın təxəyyülünü genişləndirir. Məsələn, ədəbiyyatşünaslar Füzulinin poetik obraz yaratmaq qabiliyyətinin heyranıdır. “Qurani-Kərim”in orijinalını oxuyanda görürsən ki, belə bir obraz yaratmaq mexanizmini Füzuli Qurandan əxz edib. Əlbəttə, Füzulidəki gözəl ibarələrin əksəriyyəti Quranda yoxdur, ancaq bu obrazları necə yaratmaq lazımdır, bax Füzuli bunu Qurandan öyrənib deyə bilərəm. Bu mənada Füzulini Quran yetişdirib.

“Kitabi-Dədə Qorqud”un özündə də Qurana müraciət var və bu müraciət Qurandan olan bəzi ayələrin ibtidai tərcüməsində əksini tapır. Dastandakı “Sən atadan doğmadın, sən anadan olmadın, kimsə rizqin yemədin” misraları “İxlas” surəsinin açıqlamasıdır.

Quran həmişə bədii sözün gözəl ifadəsinə ilhamlı təkan verən bir mənbə rolunu oynayıb. Hətta Mirzə Ələkbər Sabir satirik şeirlərində belə Qurana istinad edib. Dini bölənlər haqqında onun ifadəsi var: “Aya, oxumazlar nə üçün dini bölənlər, Kanu-şiyəən rəmzini Quran arasında”. Sabir sünni-şiə məzhəb ayrılığının gətirdiyi fəlakətlərə etiraz olaraq deyir ki, Quranı oxuyun, o rəmzi oxuyun. O rəmz də Quranın bir ayəsidir və bu ayədə də deyilir ki, dinlərini bölənlərin, dində qruplaşmalar yaradanların peyğəmbərə heç bir aidiyyatı yoxdur, belələri Rəbbimizin qınağına tuş gələrək cəzalarını alacaqlar.

– Ancaq bu gün şair və yazıçılarımızın əksəriyyəti nəinki Qurandan faydalanır, əksinə, Qurana, dinimizə və yaradana ironik bir münasibət sərgiləyir.



– Bu, əqidədən irəli gələn bir şeydir. İlahi varlığı qəbul etməyənlərin baxışları yazılarında da öz əksini tapır. Mən buna təbii baxıram, çünki hansı əqidə qaynağından gəldiyini bilirəm. Ümumiyyətlə, ateist xislətli yazarların ortaya dahiyanə bir əsər qoyacaqlarına inanmıram. Çünki elə bir ilhamlı, böyük şairimiz yoxdur ki, o, xisləti etibarilə ateist olsun. Hansı böyük şairimizə ateist şair deyə bilərik? Söhbət yaradıcılığı ciddi şəkildə insanlara təsir edən şairlərdən gedir. Sovet dövründə yazılanlar arasında ateist mahiyyətli şeirlər çox olub. Və o yazılar elə Sovet arxivində də qalacaq.

– Şairlər Tanrıyla münasibətdə bir az ərkyana davranırlar. Bu da ortodoksal dindarların qəzəbinə tuş gəlir. Məsələn, Ramiz Rövşəni Allaha üsyan etməkdə qınayırlar...

– Ramiz Rövşənin şeirlərində Tanrıya asilik ola bilməz. Ramizin poetik obrazları yetərincə dərindir. O, ifadələrində səmimidir və gerçəkdən söz ustasıdır. Onun şeirlərinin obraz qatları çoxçalarlı, dərin bir məzmundadır və oxucunu bu yüksək poetikasına görə ovsunlaya bilir.

– Gənc şairlər də bəzən fanatik dindarların sərt reaksiyasından gileylənirlər. Sizcə, şeirə müdaxilə etmək olarmı?

– Dindarlarımızın böyük əksəriyyəti mövhumatçılardan ibarətdir. Yəni dinimizin mahiyyətini dərk etməyən insanlardan. Belələri təbii olaraq şeirin həqiqi mənasını anlamaya bilərlər. Ancaq oxucu kimi onların da şeirə münasibət bildirmək, əqidəsinə tərs düşən bir məqama etiraz etmək haqqı var. Bu haqqı da tanımaq lazımdır. Tənqid azad olmalıdır. İstərdim ki, tənqid peşəkarlaşsın. Primitiv tənqidlərin, etirazların yerini peşəkar tənqidi yazılar tutsun. Bu vəzifə də tənqidçilərin, ədəbiyyatşünasların üzərinə düşür.

Milyonlarla oxucu var, poeziya da zövq məsələsidir. Hər halda, söhbət müdaxilə etməkdən yox, münasibət bildirməkdən gedə bilər. Özünü Tanrı ilə məhrəmanə münasibətdə görən şairlərin hansısa ərköyün ifadələrini asilik kimi yozmaq, əlbəttə, doğru deyil. Özümə gəlincə, yazılarımda belə ərköyün ifadələrdən qaçmağa çalışıram. Bəzən imzasının təsdiqi üçün, fərqli görünmək xatirinə ictimai, yaxud dindarların qınağına tuş gəlmək istəyənlər də olur ki, diqqət mərkəzinə gəlsinlər. Bu məqamda gerçək poeziyadan danışmaq olmur.

– Ümumiyyətlə, gənclər arasında oxuduğunuz, bəyəndiyiniz imzalar varmı?

– Çox az oxuyuram. Xüsusilə internetdə rastıma çıxandan-çıxana. Bəziləri olur ki, bir-iki şerini bəyənib, yaradıcılıqlarını izləməyə başlayıram. Görürəm ki, digər şeirlərində artıq yetərincə büdrəyib. Şeir peşəkarlıq tələb edir. Gənclərin əksəriyyəti bu peşəkarlıqdan yoxsun görünür. Füzuli deyirdi ki, elmsiz şeir özülsüz divar kimidir. Bu gün şeir yazanların böyük əksəriyyətində o elmsizlik var. Hissiyyatları güclüdür, ilhamları var, amma məsələn, Ramiz Rövşənin sözü idarə etmək peşəkarlığı onlarda yoxdur. Ona görə də ayrı-ayrılıqda obrazları gözəl olsa da, bunların təqdimatı çox pintidir. Bəzən də sərbəst şeir adıyla – hərçənd bu şeirin də çox gözəl qaydaları və ritmikası var – heç bir əziyyətə qatlaşmadan sözləri üyüdüb-tökürlər. Yəni gənclər arasında gələcəyin dahisini görmürəm.

– Aqşin Yeniseyin yaradıcılığını necə qiymətləndirirsiniz?

– Qeyd etdiklərim ona da aiddir.


Sevinc Fədai
1937.az
Xəbər 4009 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

05.08.2016
Putin Bakı görüşünün detallarını açıqladı
07.06.2016
“Cənab Prezidentin tövsiyələrinin mühüm strateji əhəmiyyəti var və buna əməl olunmalıdır”
28.01.2016
`İlham Əliyev heç vaxt buna imkan verməyəcək` - Əli Həsənov
29.11.2015
İran səfiri Nardaran hadisələri haqda nə danışdı?
04.11.2015
Qarabağ qazisi Nahid Canbaxışlının pəncərəsindən İbad necə görünür? – Subyektiv


Şərh əlavə olunmayıb

ƏN ÇOX OXUNAN
BİZİM SEÇİM
Qarabağı kim xilas edəcək?
ABŞ
Rusiya
Azərbaycan əsgəri
Zaman
Heç kim


  Nəticələr!    İştirak edənlər: 1927

 Kalendar
    ,    
21.09.2017
Tipi Ədə. Adı AZN
TRY 1 Türk lirəsi 0.3893
KWD 1 Küveyt dinarı 2.7695
CHF 1 İsveçrə frankı 0.8591
GEL 1 Gürcü larisi 0.4694
GBP 1 İngilis funt sterlinqi 1.2491
SEK 1 İsveç kronu 0.1199
IRR 100 İran rialı 0.0031
EUR 1 Avro 1.0574
USD 1 ABŞ dolları 0.7844
© Copyright 2014 TEZXEBER.COM
Tel.: 050 317 56 40
E-mail: office@tezxeber.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info