Yevlaxda qan düşmənçiliyini kimlər saldı? - MÜTLƏQ OXUYUN
Həmid Herisçi yazır..
Tarix: 10.06.2014 | Saat: 22:03:00 | E-mail | Çapa göndər
QIZIL GÜLLƏ


Vədələşdiyimiz görüş Moskvanın ən bərkgedən ünvanında – beş ulduzlu “Olimpiya penta” otelinin sakit, müştərisiz, mərmər döşəməli restoranında baş tutmalıydı. Vədimə xələf çıxmayım deyə, görüşəcəyimiz ünvana vaxtından bir az tez gəlmişdim.

– Buyurun içəri... Özəl bir sifarişiniz varmı? – deyən qapıçıya əsla fikir vermədim. Fərqli yerlərdə quraşdırılmış kameraların iti gözləri qarşısında bir–iki saniyə tərəddüd elədim. Dəhlizin axırında parlayıb bərq vuran restoranı görüb azca sakitləşdim.

Azərbaycanlılar heç vaxt görüş yerinə vaxtında gələ bilməzlər. Ya çox gec gələcəklər, ya da çox tez. Görüş yerinə tez gəlmək, gecikmək qədər qüsur sayılmasa da, yenə bir nöqsandı özünü hakimi-mütləq bilənlərin gözündə. Ancaq o vaxtlar mən buna çox də əhəmiyyət verməzdim. Vecimə deyildi heç nə... Görüş yerlərinə vaxtından tez gələrdim adətən.

İndi bunu bir daha təkrarladım. Vaxtı öldürmək üçün ətrafımdakı bahalı, müştərisiz dükanları gəzməyə başladım. Qəzet köşkü önündə bir az daha çox yubandım, yadımdadır. Bu vaxt gördüm ki, mənə burda görüş təyin etmiş qara eynəkli, qara kostyumlu şəxs restoran masası arxasında təmbəlcəsinə nə vaxtdı ki, əyləşərək gah əlindəki “Financial Times” qəzetinə diqqət edir, gah mənə. Qəzetə baxışları ötəri olsa da, mənə olan diqqəti, deyəsən, çox ciddiydi. Kənardan görürdüm: görüş yerinə düz vaxtında deyil, tez gəlməyim, onun bir o qədər də xoşuna gəlməmişdi, deyəsən. Lakin o, bu bağışlanmaz qüsurumdan da belə dar məqamda səmərəli istifadə etmək yolunu tapmışdı. Yaxın məsafədə, əlindəki qəzeti oxuyurdu, uzaq məsafədə isə otel dəhlizlərində azmış tanış siluetimi. Hər iki qiraət növünə, görürdüm, peşəkarcasına bələd idi, öyrəncəli idi həmin bu təzə dostum.

Salamlaşdıq. Aramızda zəif kölgə kimi görünüb itən xidmətçi qıza bahalı sifarişlər verdik.

Çox mövzulardan danışdıq öz aramızda. Axırda qarşı tərəf gör, mənə nə dedi:

– Biz cəmi bircə... bircə güllə atırıq adətən, amma səsinə–küyünə yüzlərlə adam başını yerə qoyur.

–Cəmi bircə güllə? Bircə güllə? – təccübümü silah edib, nümayişkaranə şəkildə təzə dostuma tuşladım.

– 1993-cü ilin martında Tacikistanda cəmi bircə güllə atdıq. (Həmsöhbətimin gözləri qəfildən alışır.) O vaxt Tacikistan Xalq Xəbhəsi rəhbəri Sanqak Safarov, öz həmkarı Feyzulla ilə bir kiçik mübahisəni həll etmək üçün sonuncunun evində bir araya gəlmişdilər. Bizim snayperimiz uzaqdan cəmi bircə atəş açaraq eyvandakı Sanqakı yüngülcə yaraladı. Cangüdənləri bunu, Feyzullanın əməli bildilər, başladılar gülləbarana. Arada hər iki tərəf son nəfərinədək tələf oldu.

– Qızıl güllə imiş ki, bu... Gücüm ancaq bu kəlməni pıçıldamağa çatdı.

– Hə, biz ancaq bircə güllə atırıq, ikincisinə ehtiyac qalmır. O da sən deyən kimi, dönüb olur qızıl. Elə güllələrdən, siz tərəflərdə də atmışıq.


YEVLAX BATAQLIĞI



1989-cu il. Yevlax. Əsli bu bölgədən olan Surət Hüseynov yunun ilkin emalı fabrikinə sex rəisi təyin olunduqdan sonra bu ünvanın qapısına cəlbedici bir lövhə vurulur: “Hər dəqiqəmiz 605 manatdır!”. Surət Hüseynovun başına yığılanlar Cümü adlı bir qoluzorluya güvənirlər. Bir başqa müxalif dəstə isə direktorluğa iddialı İsrail Qorçiyevin qoçusu Rəşidin ətrafına toplaşır. Günlərin birində Rəşidın qardaşı Aslan, yun fabrikindən bac–xərac tələb edib Cümünü ayağından gülləylə vurur.

– İti ayağından vurarlar, bu sizə baha başa gələcək! – deyən Cümü, əvəzinə qisas alacağını kimsədən gizləmir. Nəticədə, ilk fürsət əlinə keçincə, Aslanı ağzından atıb öldürür. Münaqişə dərinləşməyə başlayır, Yevlax küçələrində meyidlər yan-yana düzülür. Cümüylə, Rəşid meydandan silindikdən sonra Yevlax tinlərində Camalla Meydanın adları hallanmağa başlayır. Həmin 1992-ci ilin aprel-may aylarında Yevlax həm də Şuşada vuruşacaq, könüllü batolyonların mərkəzi sayılırmış.

Bu könüllülər də gah o tərəfə keçirmiş, gah bu tərəfə. Şəhərdə belə bir əsəbi vəziyyət hökm sürdüyü vaxt qəfildən havada o dediyimiz “qızıl güllə” açılır, gedib dəyir Camalın qardaşı Nurməmmədə.

Deyilənə görə, Camalın qardaşı Nurməmmədin qətli Yevlaxda böyük müsibətə çevrilir. Yas mağarında Camalın anası üzünü oğluna tutaraq deyir ki, qardaşının qanını almasan, südümü sənə halal eləməyəcəm. Yas mərasimində isə bütün Yevlax iştirak edirmiş. Vəzifə sahiblərindən tutmuş, polislərə, sıravi müəllimlərə qədər. Havadan qan qoxusu gəlir...

Qardaşının bu cür namərdcəsinə öldürülməyindən qeyzlənən Camal sakitliyini itirir. Hər iki tayfa arasında qan düşmənçiliyi yaranıb şəhərdəki könüllülər batalyonlarını da öz təsiri altına salır. “Qızıl güllə”nin Yevlax küçələrində buraxdığı əks-səda əriyib itmək bilmir ki, bilmir. Kür qırağındakı seyrək meşələrdə Meydanın qohumları hərbi təlim keçməyə başlayırlar. Buna belə ad qoyurlar ki, guya Şuşa döyüşlərinə hazırlaşırlar. Meydanın qohumlarından Qara Vəli, Alik (Əli Məmmədov) bu “dərsləri” lap əla öyrənirlər.

***

Azərbaycanlıların maraq dairəsi məişət müstəvisində cəmlənib. Onların marağı üstündə arvad-uşaq pal-paltarı quruyan zivədən o tərəfə keçmir. Azərbaycanlının əsas məqsədi, eyvanını bir qarış irəli çəkib, ortadakı divarı sökmək, zibilin şəhərin ortasına tökməkdi, vəssəlam. Xaloğlu, əmoğlundan o tərəflər bizləri maraqlandırmır. Cənub sərhədimizi bibioğlu qoruyur, şimal sınırlarımızı bibi nəvəsi. Qərbdə dayımızdı, şərqdə əmimiz. Qarabağ döyüşləri də, o vaxtlar azərbaycanlılar üçün o qədər də anlaşıqlı, mənalı görünmürdü. Azərbaycanlılar, imkan düşsə, düşmənlə döyüşmək əvəzinə məmnuniyyətlə öz aralarında, öz bibioğluları, əmioğluları, “mamaoğluları” ilə döyüşərlər. Belə hallarda hadisələrin gedişi, mənası onlara daha aydın, daha anlaşıqlı olur. Təəccüblənməyin indi dediklərimizə. Ölkənin taleyi də məhz bu cür məhəlli savaşlarda həll edilib, nəinki Qarabağda gedən qanlı atışmalarda.

Şekspir də uzaqda qalmayıb bu cür “daxili müharibə”lərdən, ustad şairimiz Məhəmməd Füzuli də. Biri düşmən Montekki və Kapuletti nəsillərinin faciəsi əsasında “Romeo və Culletta”sını yazıb, digəri öz məşhur “Leyli və Məcnun”unu. Ancaq bu cür əsərlərdə baş vermiş faciələri şirin məhəbbət mövzusu ört-basdır eləyir. Məsələnin sırf heyvani, quduz tərəfi öz layiqli müəllifini tapmır.

Ərəbzəngini xatırlayan bir qızcığaz əlinə qələm, tapança götürüb meydana atılana qədər.


VARVARA DÖYÜŞÜ

Meydanla Camalın dəstələri arasında baş verən döyüşləri də gəlin, elə bax bunun bir acı nümunəsi bilək. “Qızıl güllə”ni snayper tüfəngindən Yevlax küçələrinin qaranlığına atanlar, bunu əvvəlcədən yaxşı ölçüb–biçmişdilər. Bilirdilər ki, azərbaycanlılar Şuşa uğrunda döyüşmək əvəzinə, məmnuniyyətlə öz aralarında savaşacaqlar.

Yevlaxda hamı qulağını şəkləyib gözlərini Kür kənarındakı Varvara “seyrangah”ına dikmişdi. Camalla Meydanın başıpozuq dəstələri məhz bu əcaib ünvanda görüşüb öz aralarında haqq-hesab çürütməliymişlər.

Camalın arxası Rəhim Qazıyevə bağlı olduğundan, deyilənə görə, onun hətta zirehli döyüş arabaları, “Qrad” qurğuları da varmış. Camalın qardaşı Nurməmmədin qətlindən təxminən 25 gün sonra başlayan döyüşü öz gözüylə görən birisi həmin hadisəni belə təsvir edir:

– Camal öz dəstəsində “Kitay” ləqəbli bir sürücü saxlayırmış. Təpədən-dırnağadək silahlanmış dəstələr Varvarada üz-üzə gəlirlər. Atışma zamanı Camal ağır yaralanır. Xeyli qan itirdiyindən əlindəki qumbaranı açıb partlatmağa heyi belə çatmır. Bu vaxt, Alik söyüdün arxasından çıxır, qızmar lüləsi tüstülənən “kalaşnikov”unu Camalın qulağına dirəyərək atəş açır. Daha sonra sürücü “Kitay”ı yaralayır. Silahını onun sinəsinə dirəyəndə, Kitay ondan xahiş edir ki , “Məni öldürmə, bu axşam oğlumun ad günüdür. Evdə məni gözləyirlər”. Alik isə ona: “Demək, sən məni öldürüb, oğlunun ad gününə gedəcəkdin. Al, bu da payın”, dəyərək bircə sərrast gülləylə Kitayın canını alır.

Nə qədər təccüblü görünsə də, Varvaradakı qanlı döyüş, sonrakı cinayət işlərində “cinayətkarları susdurmaq uğrunda keçirilən xüsusi əməliyyat” kimi sənədləşdirilib.

Camal öldürüldükdən sonra onun yas mərasimi qardaşı Nurməmmədinki qədər təmtəraqlı keçmədi. Bu yas məhəllədəki adi bir kasıb məclisinə də bənzəmirdi. Baxmayaraq ki, iki qardaşın ölümü arasındakı fasilə cəmi 25–30 gün idi... Meydangil, Alik sanki qana susamışdılar. Camalın üçüncü qardaşı Pirverli də yoxa çıxır tezliklə. Nə öldüsü, nə qaldısı indiyədək bəlli deyil. Camalın İsmayıl adlı xəstə bir qardaşı da varmış. Deyilənə görə, ruhi xəstə olan bu zavallı kəs adi taqqıltıdan belə qorxurmuş. Meydanın başkəsənləri dərzi işləyən İsmayılı harda görsələrdilər, tapançanı sinəsinə sıxaraq, yazığı diksindirərmişlər. Bu da bir gün bədbəxtin ürək partlaması ilə nəticələndi. İsmayılın yurdunda qalan 16-17 yaşlı oğlunu da evdən çıxarıb darvazalarında müəmmalı şəkildə öldürdülər.


AİDA EYVAZLI



Bu tədqiqatların müəllifini mən bilirsinizsə, indidən deyirəm – bərk yanılırsınız. Vaxtiylə “Panorama” qəzetində çıxan bu cür reportajların müəllifi mən yox... Aida Eyvazlı adlı bir Ərəbzəngi olub. Moskvadakı o görüşün qəhrəmanı mən deyil, elə həmin qızcığazımızdı. “Qızıl güllə” söhbətini də vaxtiylə, əttövbə, mənə deyil, elə həmin Aida xanıma danışıblar.

Bəli, o qarışıq, it yiyəsini, partiya üzvü öz başqanını tanımadığı bir zamanlar Azərbaycanda bir-iki güllə atılıb. Həmin bircə “qızıl güllə”ylə Qarakənd səmalarında vertolyot vurulub, nəticədə yüzlərlə insan ölüb, ermənilərlə azərbaycanlılar həlak olublar. Xalqlar arasında uçurum yaranıb. Həmin “qızıl güllə”ylə 1988-də Ağdamda iki zavallı yeniyetmə qətlə yetirilib, Xuraman xanım Abbasova kəlağayısını yerə sərərək, ermənilərlə azərbaycanlılar arasına girib...

Bu cür “qızıl güllə”lər indi Ukrayna gecələrində öz izini göstərir, minlərlə insanı, millətləri qarşı–qarşı qoyur. Belə bir “qızıl güllə”, 1994-cu ildə havada səslənərək, uzaq Afrikada – Ruandada, tutsi tayfası ilə xutu qəbiləsini bir–birinə düşmən kəsdirib. Nəticədə, hər iki tərəfdən iki milyonadək insan dünyasını dəyişib.

Kimdir bu gülələrin müəllifi?

Həmin bu qızıl güllə, 1992-ci ilin aprelində Yevlaxda atılsa da, uzun zaman yerə düşməyib. Həmin ilin 5 mayında, Varvara döyüşlərində Şuşaya gedəsi onlarla igidi al qana boyayıb.

Üç gün sonra isə Şuşa süquta uğrayıb.


***

Bax, bu “daxili müharibə”lərimizin jurnalisti, qədim dillə danışsaq, “mirzə”si demək olar ki, olmayıb. Bir vaxt adı dillərdə əzbər olan qələm sahibi Aida Eyvazlıdan başqa. Bu incə, zərif qadın xeylağı ilə mən indilərdə yaşadığı Sumqayıtda görüşdüm. Dəniz kənarında çox gəzdikdən sonra özümüzə bir balaca, ucuz çayxana taparaq “qızıl güllə” barədə orda uzun–uzadı söhbətlər etdik öz aramızda. Süfrəmizə iki-üç dəfə təzə çaydan gəldi. Gün batanda son şüaları gözümüzü qamaşdırdı, məcbur olduq masamızı dəyişdirməyə. Qoltuğumuzda dəftər–kitab, masamızı dəyişərkən, bəlli oldu ki, indi Aida xanım deyəsən, öz peşəsindən uzaq düşüb. Bir kişi də tapılmır ki, bu qorxmaz qadını yenidən mətbuata gətirsin.

Təzə masa arxasında əyləşərkən gördüyüm qadın azca dəyişmişdi elə bil.

– Mən indi də yazaram... qələmimin mürəkkəbi hələ qurumayıb, biləsən. Ancaq elə bil məni azdırıblar, uzaqlara göndəriblər...

– Kimlər? – deyib Aidadan cavab gözləyirəm.

O, cavab vermir bu sualıma. Masa üzərinə öz köhnə fotoşəkillərini tökür. Şəkildəki xanım əlində tapança düşmənləri hədəf alıb.

– Bu cürmü gedirdin sən ezamiyyətlərə? Qorxulu Yevlaxa? – gah bu fotolara baxıram, gah qarşımdakı incə, cazibədar xanıma. Aralarında az da olsa, fərqlər axtarıram.

Fərq görmürəm yenə də. Bir, yaxından baxıram ona, bir də azca qıraqdan. Buna xatir, əyləşdiyim stuldan geri çəkirəm bir an yorğun bədənimi. Qarşımdakı mənzərənin miqyasını genişləndirməyə cəhd göstərirəm. Yoxxxx... dəqiq deyirəm...bu qız yenə elə həminkidir ki, həminki.

İmkan versən, yenə Ərəbzəngi kimi altdan geyinər, üstən qıfıllanar. Qırxa yaxın insanı qanına qəltan etmiş bir başqa Alikləri yenidən ifşa edər.

– Bu Alik o qədər qudurmuşdu ki, xoşuna gəlməyəndə toyuğa da güllə atırdı küçədə, itə də, pişiyə də. Toyxanaya girdimi, polis rəislərini həm rəqsə dəvət edərmiş, həm başqa qara–qura işlərə. Sonralar Daxili İşlər Nazirliyi İstintaq İdarəsi sədri işləmiş Nizami Qocayev belə rəqqaslardan biri olmaq istəmədi. Üzündəki məsum ifadələrdən bildim ki, mənə başqa məlumatlar ötürəcək, o. Sərgüzəştlərimiz də elə bax, bu nöqtədən başladı. Ardını day danışmaq istəmirəm. Yadda saxla ki, onun ittihamnaməsini Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Azər Vahabzadə imzalamışdı...

***

Ardını mən də danışmaq istəmirəm. Özünüz gözünüzün qabağında canlandırın.

1937.az
Xəbər 5673 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

02.08.2017
“İlham Əliyevdə özünə inamı olan müdrik siyasətçini gördüm“ - Rusiyalı aparıcı
18.11.2016
Taksi sürücülərinə vaxt verildi - Rəsmi
28.10.2015
İstanbul axşamları!
27.04.2015
ORT-nin məşhur teleaparıcısı İradə Zeynalovaya AÇIQ MƏKTUB
10.11.2014
ATATÜRKün hüzurunda 76 il! - MÜTLƏQ OXUYUN


Şərh əlavə olunmayıb

ƏN ÇOX OXUNAN
BİZİM SEÇİM
Qarabağı kim xilas edəcək?
ABŞ
Rusiya
Azərbaycan əsgəri
Zaman
Heç kim


  Nəticələr!    İştirak edənlər: 1927

 Kalendar
    ,    
21.09.2017
Tipi Ədə. Adı AZN
TRY 1 Türk lirəsi 0.3893
KWD 1 Küveyt dinarı 2.7695
CHF 1 İsveçrə frankı 0.8591
GEL 1 Gürcü larisi 0.4694
GBP 1 İngilis funt sterlinqi 1.2491
SEK 1 İsveç kronu 0.1199
IRR 100 İran rialı 0.0031
EUR 1 Avro 1.0574
USD 1 ABŞ dolları 0.7844
© Copyright 2014 TEZXEBER.COM
Tel.: 050 317 56 40
E-mail: office@tezxeber.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info