Prezident Qaxda: “Dövlətimiz daha da güclənəcək”
“Dünən mən Balakən, Zaqatala, Qax rayonlarında səfərdə olmuşam. Rayonlarda görülən işlərlə tanış olmuşam, əlavə tapşırıq vermişəm və bir daha görürəm ki, bu rayonlarda son illər ərzində çox sürətli inkişaf gedir. Bir çox sosial, infrastruktur, energetika, nəqliyyat, kənd təsərrüfatı, emal sənayesi obyektlərinin açılışlarında iştirak etmişəm.”
Tarix: 04.08.2017 | Saat: 12:35:00 | E-mail | Çapa göndər
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair Qaxda keçirilən respublika müşavirəsində deyib. Dövlət başçısı bildirib ki, Azərbaycanın şimal-qərb zonasında çox sürətli inkişaf gedir. Bu zonaya həm dövlət, həm özəl sektor tərəfindən çox böyük investisiyalar qoyulur:

“Dünənki bütün tədbirlər əslində, son illər ərzində bu bölgədə və ümumiyyətlə, Azərbaycanda görülən işləri bir daha əyani şəkildə təqdim edir. Ancaq əlbəttə ki, burada əsas investisiya qoyuluşunun payı dövlətin üzərinə düşür. Son illərdə bu bölgəyə yolların, elektrik stansiyalarının tikintisi, qazlaşdırma, su təchizatı, suvarma məsələləri, sosial obyektlərin inşası ilə bağlı Azərbaycan büdcəsi hesabına çox böyük investisiyalar qoyulubdur. Məktəblər, xəstəxanalar, sosial obyektlər, idman kompleksləri, turizm obyektləri – bir sözlə, bu gün ölkəmizin şimal-qərb zonası öz sürətli inkişaf dövrünü yaşayır, perspektivləri də çox müsbətdir. Əminəm ki, verilən tapşırıqların yerinə yetirilməsi nəticəsində gələcək illərdə bu müsbət dinamika daha da güclənəcəkdir”.

İ. Əliyev qeyd edib ki, bugünkü müşavirə bu bölgəyə xas olan ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafına həsr edilib. Tütünçülük, baramaçılıq, fındıqçılıq bu bölgədə əsrlər boyu inkişaf edib. Bu sahələrin ölkəmizdə çox böyük və zəngin ənənələri vardır. Burada mövcud olan torpaq şəraiti, torpağın münbitliyi, iqlim, coğrafi vəziyyət, xarici bazarlara yaxın olmağımız və qədim İpək yolu üzərində yerləşməyimiz – bütün bunlar bu sahələrin inkişafına təkan verib:

“Azərbaycan xalqı əsrlər boyu bu sahələrdə çalışırdı və yaxşı nəticələr əldə edirdi. Statistikaya baxdıqda görürük ki, tütünçülüyün, baramaçılığın, fındıqçılığın ən uğurlu və sürətli inkişaf dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun fəaliyyəti nəticəsində 1970-1980-ci illərin əvvəllərində bu sahələrdə böyük inkişaf təmin edilmişdir. O vaxt bu sahələrdə görülən işlər deməyə əsas verir ki, biz bu gün bu sahələri uğurla bərpa edə bilərik. Nəinki bu sahələr, kənd təsərrüfatının pambıqçılıq, üzümçülük və digər sahələri də Heydər Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etmişdir. Biz bu ənənəvi sahələri bu gün bərpa edirik. 2004-cü ildən bu günədək, yəni, 2017-ci ilə qədər 11 min kilometr yeni yollar - həm magistral, həm də kənd yolları salınmışdır, böyük meliorasiya layihələri icra edilmiş, Taxtakörpü, Şəmkirçay su anbarları, digər dəryaçalar yaradılmış, kanallar çəkilmişdir və bu proses bu gün də davam etdirilir. Qarşıda duran əsas məsələlərdən biri də fermerləri dayanıqlı su ilə təmin etməkdir. Sosial infrastruktur yaradıldı, 3 mindən çox məktəb, 600-dən çox xəstəxana, bölgələrdə 50-yə yaxın Olimpiya İdman Kompleksi tikildi. Eyni zamanda, sahibkarlara verilən kreditlər hesabına yüz minlərlə yeni iş yeri yaradılmışdır. Bütövlükdə 2004-cü ildən bu günə qədər 1 milyon yarım iş yeri açılmışdır ki, bunun böyük əksəriyyəti daimi iş yeridir. Demək olar ki, hazırda Azərbaycanda işsizlik kimi bir çox ölkələri incidən, boğan sosial amil yoxdur. İşsizlik 5 faiz səviyyəsindədir. Bu gün işləmək istəyən özü üçün iş tapa bilər. Son iki il ərzində xüsusilə kənd təsərrüfatı, sənaye sahələrində çox böyük işlərin görüldüyünü nəzərə alsaq, Azərbaycanda işsizliyin və yoxsulluğun səviyyəsi daha da aşağı düşəcək. Biz xalqımızı, dövlətimizi bu böyük bəlalardan qurtara bildik”.

Prezident əlavə edib ki, 2004-cü ildən başlayaraq infrastruktur layihələrinin icrası ilə bağlı qarşıda duran əsas vəzifələrdən biri ərzaq təhlükəsizliyi idi: “Biz əsas diqqətimizi bu sahəyə yönəltdik. Çünki bu, prioritet idi. Yaşlı nəslin nümayəndələri yaxşı bilirlər ki, sovet vaxtında Azərbaycan özünü ətlə, yağla, südlə, toyuq əti ilə təmin edə bilmirdi, bu məhsullar başqa respublikalardan gəlirdi. Biz isə öz növbəmizdə pambıq, üzüm, meyvə, tərəvəz, tütün, fındıq istehsal edib başqa respublikalara göndərirdik. Ancaq müstəqillik dövründə ərzaq təhlükəsizliyi məsələləri ön plana çıxdı. Ona görə, biz əsas diqqəti bu sahəyə yönəltdik. Bunun nəticəsində bu gün taxılçılıqda böyük inkişaf var. Düzdür, bu, hələ ki, bizi tam qane edə bilməz, biz özümüzü hələ tam təmin etmirik, ancaq inkişaf var. Ət istehsalı Azərbaycanın tələbatını demək olar ki, ödəyir. Növbəti illərdə görüləcək tədbirlər nəticəsində biz hətta böyük ixrac potensialına da malik olacağıq. Biz özümüzü toyuq əti ilə 100 faiz, süd və süd məmulatları ilə təqribən 80 faiz səviyyəsində təmin edirik. Azərbaycandan böyük həcmdə meyvə-tərəvəz ixrac edilir. Yəni, ərzaq təhlükəsizliyi məsələləri prioritetdir. Deyə bilərəm ki, bu sahədə əldə edilmiş nailiyyətlər çox sevindiricidir. Növbəti illərdə daha da böyük nəticələr olacaq.

O ki qaldı, texniki bitkilərə, bu sahəyə o qədər də diqqət göstərilməmişdir. Bunun da səbəbləri onunla bağlı idi ki, investisiyalar, ilk növbədə, infrastruktura, ərzaq təhlükəsizliyi məsələlərinə qoyulmalı idi. Bizim digər böyük sosial proqramlarımız var. Xüsusilə məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılmasına milyardlarla vəsait qoyuldu. Ordu quruculuğuna milyardlarla vəsait qoyuldu. Ona görə, texniki bitkilərin inkişafı bir qədər diqqətdən kənarda qalıb. Hesab edilirdi ki, bazar iqtisadiyyatı, özəl sektor bu sahələri də inkişaf etdirəcək. Ancaq gördük ki, dövlətin dəstəyi olmadan bu sahələr inkişaf edə bilmir. Son illərdə bu sahələrdə çox böyük tənəzzül müşahidə olunur. Demək olar ki, biz bu sahələri itirirdik. Pambıqçılıq demək olar ki, məhv olurdu. O cümlədən tütünçülüyə maraq göstərilmirdi, baramaçılıq isə ümumiyyətlə, gündəlikdən çıxarılmışdı. Ona görə, bu sahələrə göstərilən diqqət nəticəsində cəmi iki il ərzində dönüş yarandı. Pambıq istehsalı artdı. 2015-ci ildə cəmi 17 min hektarda pambıq əkilirdisə, bu il əkin sahələri 136 min hektara çatdı, cəmi iki il ərzində təxminən 10 dəfə artdı. İstehsal da buna uyğun şəkildə artır və artacaq. Biz indi böyük ixrac imkanlarımızla xarici bazarlara çıxırıq. Nəinki xam pambıq, mahlıc, eyni zamanda, Mingəçevirdə yaranmaqda olan böyük yüngül sənaye kompleksinin fəaliyyətə başlaması nəticəsində biz hazır məhsul ixrac edəcəyik. Digər sahələrdə, misal üçün, fındıqçılıqda. Baxmayaraq ki, fındıqçılıq müstəqillik dövründə artıb. Tütünçülük, baramaçılıqdan fərqli olaraq fermerlər bu sahəyə maraq göstərmişlər. Çox da olmasa, artım var idi. Ancaq biz bu artımı sürətləndirdik. İki il ərzində 18 min hektarda yeni fındıq bağları salınıb ki, bir neçə ildən sonra onlar bar verəcək”.

Dövlət başçısı deyib ki, tütünçülüklə bağlı atılmış ilk addımlar öz nəticəsini verir. Bu müşavirədən sonra çox ciddi proqram qəbul ediləcək. Azərbaycanda baramaçılıq çox geniş vüsət alıb: “Hesab edirəm ki, fermerlər, kəndlilər tərəfindən ən çox maraq göstərilən sahə də baramaçılıqdır. Çünki dövlət hər şeyi öz üzərinə götürüb, bütün lazımi materialları, tingləri verir, bütün sahələr üzrə subsidiyalar verir. Kümçülər 30-40 gün ərzində yaxşı gəlir əldə edirlər. Ona görə, bu ənənəvi sahələrin inkişafı ilə bağlı əlavə tədbirlər görüləcək. Biz bu gün bu barədə danışacağıq. O ki qaldı, bizim ümumi iqtisadi inkişaf perspektivlərimizə, mən bu perspektivləri yüksək qiymətləndirirəm. Azərbaycan iqtisadiyyatı inkişaf edir. Bu ilin altı ayının nəticələri bunu deməyə imkan verir. Qeyri-neft iqtisadiyyatımız, qeyri-neft sənayemiz artdı. İxrac 36 faiz, qeyri-neft ixracı 27 faiz artıb. Kənd təsərrüfatı ixracı 40 faizdən çox artıb. Biz 6 ayda valyuta ehtiyatlarını nəinki qoruya bilmişik, görülmüş tədbirlər, düşünülmüş iqtisadi siyasət nəticəsində 3 milyard dollar əlavə valyuta gəlib. Azərbaycana birinci altı ayda 5 milyard investisiya qoyulub. Təsadüfi deyil ki, Davos Ümumdünya İqtisadi Forumu ölkə iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə 37-ci yerə layiq görüb. Bu, MDB məkanında birinci göstəricidir. Bu, sadəcə olaraq, görülmüş işlərin təzahürüdür. Makroiqtisadi sabitlik təmin edilib. Manatın məzənnəsi sabitdir. Dövlət xətti ilə ölkə iqtisadiyyatına sərmayə qoyulur. Özəl sektor da buna qoşulub. Qırxa yaxın aqropark yaradılır. Yaxın 1-2 il ərzində bu aqroparklarda istehsal olunacaq məhsul böyük bazarlara ixrac ediləcək, daxili ərzaq təhlükəsizliyi təmin ediləcəkdir.

Bir sözlə, idxaldan asılılığı azaltmaq, daxili tələbatı daxili istehsal hesabına təmin etmək və ixrac imkanlarımızı genişləndirmək məsələləri Azərbaycanda uğurla təmin edilir. Əminəm ki, bugünkü müşavirənin nəticəsində bizim üçün ənənəvi olan sahələr - baramaçılıq, tütünçülük, fındıqçılıq da uğurla inkişaf edəcək, həm fermerlər, kəndlilər daha da böyük fayda görəcək, eyni zamanda, dövlətimiz daha da güclənəcək”.
Xəbər 82 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

11.09.2017
“Qarabağ münaqişəsi region üçün əsas təhdiddir” - Məmmədyarov
11.09.2017
Ermənistanda Nüvə müzakirəsi
11.09.2017
Mətbuat Şurası İlham Əliyevə təşəkkür etdi
11.09.2017
Prezident 239 və 162 saylı orta məktəblərdə
11.09.2017
Prezident Aleksandr Lapşini əfv etdi


Şərh əlavə olunmayıb

ƏN ÇOX OXUNAN
BİZİM SEÇİM
Qarabağı kim xilas edəcək?
ABŞ
Rusiya
Azərbaycan əsgəri
Zaman
Heç kim


  Nəticələr!    İştirak edənlər: 1927

 Kalendar
    ,    
21.09.2017
Tipi Ədə. Adı AZN
TRY 1 Türk lirəsi 0.3893
KWD 1 Küveyt dinarı 2.7695
CHF 1 İsveçrə frankı 0.8591
GEL 1 Gürcü larisi 0.4694
GBP 1 İngilis funt sterlinqi 1.2491
SEK 1 İsveç kronu 0.1199
IRR 100 İran rialı 0.0031
EUR 1 Avro 1.0574
USD 1 ABŞ dolları 0.7844
© Copyright 2014 TEZXEBER.COM
Tel.: 050 317 56 40
E-mail: office@tezxeber.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info